PDA

View Full Version : Şehriyar



Yalquzaq
01-03-2013, 12:55 AM
Güney Azerbaycanlı büyük şair Şehriyar'ın bir-kaç şiiri.

Türkün Dili

Türkün dili tək sevgili, istəkli dil olmaz,
Özgə dilə qatsan, bu əsil dil əsil olmaz.

Öz şerini farsa, ərəbə qatmasa şair,
Şeri eşidənlər, oxuyanlar kəsil olmaz.

Pişmiş kimi, şerin də gərək dad-duzu olsun,
Kənd əhli bilirlər ki, doşabsız xəşil olmaz.

Sözlər də cəvahir kimidir, əsli bədəldən
Təşxis verən olsa, bu qədər zir-zibil olmaz.

Şair ola bilməzsən, anan doğmasa şair,
Missən, a balam, hər sarı köynək qızıl olmaz.

Ötməz, oxumaz bülbülü salsan qəfəs içrə,
Dağ-daşda doğulmuş dəli ceyran həmil olmaz.

İnsan odu tutsun bu zəlil xalqın əlindən,
Allahı sevərsən, belə insan zəlil olmaz.

Hərçənd Sərabın südü çox, yağ-balı çoxdur
Baş ərşə də çatdırsa, Sərab Ərdəbil olmaz.

Millət qəmi olsa, bu cocuqlar çöpə dönməz,
Ərbablarımızdan da qarınlar təbil olmaz.

Məndən də nə zalım çıxar, oğlum, nə qisasçı,
Bir dəfə bunu qan ki, ipəkdən qəzil olmaz.

Düz vaxtda dolar taxta-tabaq ədviyyə ilə,
Onda ki, nənəm sancılanar, zəncəfil olmaz.

Fars şairi çox sözlərini bizdən aparmış,
Sabir kimi bir süfrəli şair pəxil olmaz.

Türkün məsəli, folkloru dünyada təkdir,
Xan yorğanı, kənd içrə məsəldir, mitil olmaz.

Azər qoşunu qeysəri-Rumi əsir etmiş,
Kəsra sözüdü, bir belə tarix nağıl olmaz.

Bu Şəhriyarın təbi kimi çimməli çeşmə,
Kövsər ola bilsə, demirəm, Səlsəbil olmaz.


El Kimin

Şəhriyaram gözüm yaşı sel kimin,
Qəribsən mi vətənində el kimin,
Sevdan ürəyimdə qara yel kimin,
Heç eldən özgəyə qardaş olar mı?
Haramzadalardan yoldaş olar mı?!

Qurd qurdnan dolaşar, itlər it inən,
Qurd şikarnan doyar, itlər küt inən,
Yanaşmanın qoynu dolar bit inən
Heç eldən özgəyə qardaş olar mı?
Fars, Çin, Urustan yoldaş olar mı?!

Oğuz Atam bizi görsə neyliyər,
Döyünər dizini həlak eyliyər,
Yəğin qeyzə gəlir, gönü göynüyər,
Heç eldən özgəyə qardaş olar mı?
İlandan, çiyandan yoldaş olar mı?!

Bəd-güman deyiləm, Allah Kərimdir,
Turan xəyalımdır, ətim, dərimdir,
Böyük Asya necə olsa mənimdir,
Qurd yuvalarına tülkü dolar mı?
Ayıdan, Moskvadan yoldaş olar mı?!

Şəhriyaram, incinməyin sözümə,
Dost acı danışar dostun özünə
Gah ağlaram, gah vuraram dizimə
Heç eldən özgəyə qardaş olar mı?
Xayından, oğrudan yoldaş olar mı?!